...

Azərbaycanda psixi pozuntulardan əziyyət çəkənlərin sayı artıb

Cəmiyyət Materials 25 Noyabr 2015 08:00 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda təşvişli və panik psixi pozuntulardan əziyyət çəkənlərin sayı artıb. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.

F.İsmayılovun sözlərinə görə, əvvəllər təşvişli və panik psixi pozuntulu xəstələrin sayı az olduğu halda, son vaxtlarda belə müraciətlərin sayı artıb: "On il bundan əvvəl bir ildə 3-4 belə xəstə görərdim. Amma indi, demək olar, hər həftə ən azı bir belə xəstə müraciət edir".

Mərkəz direktoru qeyd edib ki, təşvişli psixi pozuntulardan əziyyət çəkən insanlar özlərində daim emosional gərginlik hiss edir, daim nə isə pis bir hadisənin baş verəcəyini gözləyirlər. Belə xəstələrdə, eyni zamanda təngnəfəsliyin yaranması, ürək döyüntüsünün dəyişməsi, tərləmə halları baş verir.

O, əlavə edib ki, panik pozuntulardan əziyyət çəkən insanlarınsa 2-3 dəqiqə ərzində sanki nəfəsləri dayanır: "İnsan həmin an fikirləşir ki, mən ya öləcəyəm, ya da dəli olacağam. 2-3 dəqiqədən sonra bu hal ötüb keçir. Belə xəstələr öz səhhətlərindəki bu narahatlığa görə kardioloq, nevropatoloq və endokrinoloqlara müraciət edirlər. Amma həmin həkimlərin müayinələri zamanı heç bir mənfi hal aşkarlanmır, analizlərin nəticələri normal olur".

F.İsmayılov deyib ki, təşvişli və panik psixi pozuntulardan əziyyət çəkənlərin artması tendensiyası yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir: "Bu artımın səbəbini konkret amillərlə izah etmək olmaz. Amma indi dünyada informasiya axını artıb, insan beyni kənardan daha çox informasiya alır. Bizim beynimiz sanki bu informasiyaları almağı çatdıra bilmir. İnformasiya çox olduqda insan beyni kompüter kimi "donur". Bu da təşvişli pozuntulara, panik pozuntulara gətirib çıxarır".

O bildirib ki, əvvəllər təşvişli və panik pozuntulara gənclər arasında rast gəlinməzdi. Bu pozuntular daha çox 50-60 yaşdan sonra müşahidə olunurdu: "İndi isə uşaqlar, yeniyetmələr, gənclər arasında, xüsusilə abituriyentlər arasında təşvişli pozuntular çoxalıb. İmtahan qabağı yaranan təşvişli pozuntuya görə mərkəzə çox abituriyent müraciət edir".

F.İsmayılov qeyd edib ki, daha ağır xəstəlik olan şizofreniya və bipolyar affektiv pozuntularla bağlı mərkəzə müraciət edənlərin sayı ötən illərlə müqayisədə təqribən eynidir: "Bu rəqəmlər təqribən 20 il əvvəlki kimidir. Əhali arasında 1 faiz şizofreniya, 1,5 faiz bipolyar affektiv pozuntu müşahidə edilir".

Mərkəzin direktoru əlavə edib ki, iki fazadan ibarət olan bipolyar affektiv pozuntu xəstəliyinin birinci fazasında insanda ruh düşkünlüyü, pis fikirlər yaranır, enerjisi olmur. Xəstəliyin ikinci fazası isə birincinin tam əksi olur, yəni insan çox gümrahlaşır, onda özünü qiymətləndirmə çox yüksək, hiperaktiv olur, insanları narahat edir, planlarını tez-tez dəyişir: "Bu, kifayət qədər ciddi xəstəlikdir və onu müalicə etmək lazımdır. Bu xəstəlik əvvəlllər - XIX əsrdə, XX əsrin 1950-1960-cı illərindəki elmi ədəbiyyatlarda maniakal-depressiv psixoz adlanırdı. Amma əslində bu, psixoz deyil. Bu, bipolyar, yəni iki qütbü olan pozuntudur. Bu xəstəliklərin müalicəsi indi daha effektiv olub. Əvvəlllər bu xəstəlikdən əziyyət çəkənlər mütləq xəstəxanada yatırdılar, amma indi bu xəstəlik ev şəraitində də müalicə oluna bilər".

Bütün dünyada psixi pozuntularla bağlı stiqmanın olduğunu deyən F.İsmayılov Azərbaycanda bu stiqmanın daha güclü olduğunu söyləyib. O, cəmiyyətdə psixi xəstələrin təhlükəli olması barədə yaranan fikirlərin də əsassız olduğunu deyib: "Belə bir mif var ki, guya psixi xəstələr təhlükəlidir. Amma aparılan tədqiqatlar göstərir ki, psixi xəstələr təhlükəli deyil. Əksinə, onlara qarşı daha çox ədalətsizlik olur, onlar öz hüquqlarını tez-tez müdafiə edə bilmirlər. Psixi xəstələr daha mehriban, utancaq olurlar. İstənilən aqressiv insanlara psixi pozuntusu olan insan deyə bilmərik. Psixi pozuntusu olan insanlar arasında aqressiv, cinayətkar olanların sayı çox azdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti