...

İlham Əliyev Əmircan qəsəbəsindəki 84, Binəqədi rayonundakı 182 nömrəli məktəblərin yeni binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 13 Sentyabr 2014 18:49 (UTC +04:00)
Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 84 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.
İlham Əliyev Əmircan qəsəbəsindəki 84, Binəqədi rayonundakı 182 nömrəli məktəblərin yeni binasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 84 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan bütün layihələr uğurla icra olunur. Tədbirlər planına əsasən hər il olduğu kimi, bu il də məktəblərin təmiri və yenidən qurulması davam etdirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir.

Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxt Bakıda da orta məktəb binalarının yüksək standartlara uyğun yenidən qurulması və lazımi avadanlıqla təchiz edilməsi dövlətimizin təhsil sahəsinə qayğısını nümayiş etdirir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1920-ci ildə inşa olunan məktəbin binasından ilk vaxtlar hospital kimi istifadə olunub. Yararsız vəziyyətdə olan bina 2012-ci ildə sökülüb və yerində ən müasir standartlara cavab verən üçmərtəbəli bina tikilib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, hazırda 48 sinif otağı olan məktəb 1224 şagird yerlikdir. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi qayğını və Prezident İlham Əliyevin Suraxanı rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb.

Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə yaxından tanış oldu. Burada bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb. Təhsil ocağının idman zalı da müasirliyi ilə diqqəti cəlb edir. Məktəbin akt salonunda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Burada müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri görülüb. Məktəbin açıq futbol, voleybol və basketbol meydançaları da var.

Prezidenti İlham Əliyev bu gün həmçinin Bakının Binəqədi rayonunda 182 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, məktəbin əvvəlki binası 1962-ci ildə inşa edilmişdi. 31 sinif otağından ibarət məktəb 800 yerlik olub. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək 3 mərtəbədən, 65 sinif otağından ibarət müasir bina inşa olunub və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək. 1300 şagird yerlik yeni binada 10 fənn kabineti yaradılıb. Bütün sinif otaqları ən müasir standartlar səviyyəsində olan məktəb zəruri avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib. Təhsil müəssisəsində yeni istilik və işıqlandırma sistemləri quraşdırılıb. Bu məktəbdə də idmanın müxtəlif növlərinin öyrədilməsi üçün müasir zal və meydançalar var.

Dövlətimizin başçısı məktəbin sinif otaqlarına, fənn kabinetlərinə baxdı, yaradılan şəraitlə yaxından tanış oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti