Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində xüsusi üsulla əkilmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
İbrahimova deyib ki, nazirliyin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları qoruq ərazisində mühafizə rejimini yoxlamaq məqsədilə vaxtaşırı reydlər keçirirlər.
Onun sözlərinə görə, bu ilin may-avqust aylarında həyata keçirilmiş mütəmadi reydlər zamanı bir neçə dəfə qoruğun yüksək dağlıq ərazisində tərkibində narkotik xassəli maddələr olan bitkilərin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi faktları aşkar edilb.
Belə ki, qoruğun ərazisində keçirilmiş reydlər zamanı Gərəkli sahəsinin 03, 04, 05, 06 saylı dolaylarında qanunsuz olaraq kol-kosdan təmizlənmiş sahələrdə tərkibində narkotik xassəli maddələr olan çətənə bitkisinin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi müəyyən olunub. Bununla bağlı Balakən rayon polis şöbəsinə məlumat verilib, həmçinin hadisə yerində saxlanılmış təqsirkar şəxs Balakən rayon Gərəkli kənd sakini Cavid Dibirov rayon polis şöbəsinə təhvil verilib.
Qeyd edək ki, aşkar olunmuş faktlarla bağlı xidməti vəzifələrini layiqincə icra etmədiklərinə görə qoruğun mühafizə üzrə direktor müavini, sahə müfəttişi və 6 nəfər mühafizə yegeri tutduqları vəzifədən azad olunub.
Bu cür halların baş verməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi məlumat göndərilib.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində qoruğun əməkdaşları tərəfindən mütəmadi reydlər davam etdirilir.