Azərbaycan, Bakı, 4 yanvar /Trend/
Azərbaycanı "Eurovision-2012" Mahnı Müsabiqəsində təmsil etmək istəyən iddiaçıların yarışı davam edir. İctimai Televiziyada Milli Seçim turunun 6-cı həftəsi start götürür.
Trend-in İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəmsi saytına istinadən şənbə günü verdiyi məlumata görə, iştirakçilar- Habil Əhmədov, Orxan Əfəndi, Ramilə Muradova, Elgiz Məmmədov, Adil Baxışlı, Bəxtiyar Qasımov, Cahangir Qasımzadə, Vlada Axundova İctimai Televiziyanın canlı efirində yarışacaq. İştirakçılardan Səbinə Babayeva isə üzrlü səbəbə görə bu həftə müsabiqədə iştirak etmir.
Seçim turunun proqramına əsasən bu gün onlar Azərbaycan mahnıları ifa edəcək. Milli seçim turu İctimai TV-nin canlı efirində saat 21.00-da yayımlanacaq. Həftənin qalibi şənbə günü elan olunacaq.
Seçim turlarında iştirak edən 72 iddiaçı ümumilikdə hər birində 9 nəfər olmaqla 8 qrupda yarışır. Hər həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi "Eurovision" Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.