...

Heydər Əliyev Mərkəzində məşhur amerikalı rəssamın sərgisi ilə bağlı "Açıq gün" keçirilib (FOTO)

Mədəniyyət Materials 6 Avqust 2013 19:58 (UTC +04:00)
Bu gün Heydər Əliyev Mərkəzində məşhur amerikalı rəssam Endi Vorholun "Həyat, ölüm və gözəllik" sərgisi ilə bağlı "Açıq gün" keçirilib.
Heydər Əliyev Mərkəzində məşhur amerikalı rəssamın sərgisi ilə bağlı "Açıq gün" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Bu gün Heydər Əliyev Mərkəzində məşhur amerikalı rəssam Endi Vorholun "Həyat, ölüm və gözəllik" sərgisi ilə bağlı "Açıq gün" keçirilib.

Trend-in məlumatına görə, rəssamın 85 illik yubileyi münasibətilə elan edilən "Açıq gün"də bütün ziyarətçilər üçün sərgiyə giriş sərbəst olub.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Endi Vorholun "Həyat, ölüm və gözəllik" sərgisinin rəsmi açılış mərasimi iyunun 21-də keçirilib. Sərgidə 20-ci əsrin pop-art sənətinin məşhur simasının 100-dən çox əsəri, kiçik filmləri nümayiş olunur.

Azərbaycanda ilk dəfə keçirilən bu sərgi yerli sakinlər və turistlər arasında böyük maraqla qarşılanır. Bu günədək 2000-dən çox ziyarətçi Endi Vorholun müxtəlif illərdə çəkdiyi "Güllər" (Flower), Kamuflyaj" (Camuflaje), "Sonuncu şam yeməyi" (The Last Supper), "Dua edən kişi əlləri" (Male hand Praying), "Elektrik stulu"(Electric Chair) və digər dünya şöhrətli əsərləri ilə tanış olmaq imkanı əldə edib.

Sentyabrın 18-dək davam edəcək bu sərgi bütün sənətsevərləri müasir rəssamlığın məşhur nümunələri ətrafında toplayıb. Bu sərgi Heydər Əliyev Mərkəzinin mədəniyyətlərin bir-birinə qovuşması, xalqlar arasında dialoqun yaranması istiqamətində uğurlu layihələrindən hesab olunur.

Xatırladaq ki, Endu Vorhol 6 avqust 1928-ci ildə Pitsburqda (ABŞ, Pensilvaniya ştatı) anadan olub. Endi Vorhol rəssamlıqla yanaşı, kinoprodüser, kinoaktyor, fotoqraf, reklam meneceri kimi də fəaliyyət göstərib. 20-ci əsrin məşhur rəssamlarından olan Vorholun əsərləri bugünədək dünyanın əksər muzey və rəsm qalereyalarında sərgilənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti