Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanın Braziliyadakı səfirliyinin müraciəti, Rio-de-Janeyro şəhər meriyasının təklifinə əsasən Azərbaycanının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprelin 21-dən 27-dək Rio-de-Janeyroda "Azərbaycan Mədəniyyət Həftəsi" keçiriləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Cənubi Amerikada ilk dəfə olaraq keçirilən və Rio-de-Janeyronun 450 illiyinə təsadüf edən "Mədəniyyət həftəsi" Azərbaycan-Braziliya mədəni əlaqələrinin inkişafı, iki ölkə xalqlarının bir-birini yaxından tanıması, Azərbaycan mədəniyyətinin təbliği, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi məqsədilə keçirilir.
Bu müddətdə Azərbaycan milli mətbəx nümunələrinin, ölkəmizin mədəniyyətini, tarix və memarlıq abidələrini, təbiət mənzərələrini və turizm potensialını əks etdirən "Azərbaycan dünən, bu gün və sabah" adlı fotosərgi, xalq artisti Mənsum İbrahimovun, muğam ifaçısı Arzu Əliyevanın ifasında (əməkdar artistlər Elçin Haşımov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti ilə) muğam konserti və Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin milli rəqs, xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrinin və "Trio Qarabağ" muğam qrupunun konsertləri, "Nabat", "Hakim haradadır?" filmlərinin nümayişi keçiriləcək.
Tədbirlər Rio-de-Janeyronun "İncəsənət şəhəri"ndə ("Cidade des Artes") - "Cafe das artes", "Gallery", "Teatro de Camara", "Sala de Leitura", "Grande Sala" kimi tanınmış sənət məkanlarında təşkil olunacaq.