Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov İsveçrəyə səfəri çərçivəsində Sürix şəhərində fəaliyyət göstərən "Buta" rəqs dərnəyinin fəaliyyəti ilə tanış olub.
Komitədən Trend-ə verilən məlumata görə, dərnək ötən ilin fevralında milli rəqslərimizin təbliği, xalqımızın mədəni irsini tanıtmaq və sevdirmək məqsədilə DİDK-nın dəstəyi ilə "Azərbaycanın Dostları" təşkilatının nəzdində fəaliyyətə başlayıb. Dərnəkdə dərsləri kiçik və böyük yaş qrupları üzrə təcrübəli xoreoqraf Cəmilə Muradova tədris edir.
İsveçrədə yaşayan soydaşlarımız dərnəyin fəaliyyətini böyük sevinc və maraqla qarşılayıblar. Artıq rəqs qrupuna yalnız Sürixdə deyil, İsveçrənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlı uşaqlar da qoşulublar. Həftəsonu keçirilən dərslər zamanı balaca həmvətənlərimizə tariximizi və milli adət-ənənələrimizi əks etdirən rəqslər, bu sənətin özəllikləri tədris olunur.
Qeyd olunub ki, yeni yaranmasına baxmayaraq, "Buta" rəqs dərnəyi artıq bir sıra uğurlara da imza atıb, 2021-ci ilin may ayında Azərbaycan Respublikasının Təhsil Nazirliyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən"Azərbaycan Vətənimdir" adlı onlayn beynəlxalq rəqs müsabiqəsində I yerə layiq görülüb. İndiyədək dərnəyin şagirdlərinin ifasında Xocalı soyqırımının ildönümü və Novruz bayramı ilə əlaqədar xüsusi proqramlar da təqdim edilib.
Komitə sədri dərnəyin üzvü olan uşaqlarla görüşərək, onların arzu və istəklərini dinləyib. Görüş zamanı gələcəkdə dərnəyin fəaliyyətinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.