Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan və Rusiya arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması iki ölkənin bu sahədə daha da yaxınlaşmasına yeni təkan verəcək.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
N.Bağırovun sözlərinə görə, Rusiya turizm baxımından Azərbaycan üçün maraqlı bazardır:
“Rusiya həmişə Azərbaycan üçün cəlbedici turizm bazarı olub. Sənədin yüksək səviyyədə imzalanması bu sahədə iki ölkə arasında əməkdaşlığın sürətlə inkişaf edəcəyini bildirir. Hazırda kruiz turizminin yaradılması imkanları nəzərdən keçirilir”.
Assosiasiya sədri bildirib ki, Azərbaycanla Rusiya arasında turizm münasibətlərinin daha çox inkişaf etməsi üçün təkcə Moskvada yox, həm də Rusiyanın regionlarında Azərbaycanın reklamını artırmaq lazımdır:
“Rusiyanın regionları ilə Azərbaycan arasında birbaşa aviareysləri inkişaf etdirmək, eyni zamanda çarter reysləri üçün özəl kapital cəlb etmək lazımdır. Hər şeyi dövlət aviaşirkətlərinin öhdəsinə qoymaq olmaz. Buna qədər isə yaxşı reklam həyata keçirmək, bazarı öyrənmək və maraqları təhlil etmək lazımdır”.