Bakı. Trend:
Gəmi parkının yenilənməsi, müşahidə, kəşfiyyat və rabitə sistemlərinin əldə olunması üzrə qabaqcıl müdafiə sənayesi şirkətlləriylə görüşlər keçirilir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov deyib.
"Qətiyyətlə deyə bilərəm ki, Hərbi Dəniz Qüvvələri Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi Dəniz Təhlükəsizliyi Strategiyasının tələblərini uğurla icra edir, eləcə də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, bütün tapşırıqların öhdəsindən layiqincə gəlir. Qarşıya qoyulan tələblərin icrasını sürətləndirmək və təkmilləşdirmək məqsədilə inkişaf etməkdə olan müasir müdafiə sənayesi texnologiyalarının əldə olunması və tətbiqi üzrə araşdırmalar aparılır. Gəmi parkının yenilənməsi, müşahidə, kəşfiyyat və rabitə sistemlərinin əldə olunması üzrə qabaqcıl müdafiə sənayesi şirkətləri ilə görüşlər keçirilir. Sözügedən layihələrin bir qismi yaxın gələcəkdə mərhələli şəkildə həyata keçiriləcəkdir", - vitse-admiral bildirib.
Bu yaxınlarda İtaliyada keçirilən sərgini xatırladan S.Bəkirov qeyd edib ki, sərgi zamanı yeni gəmi, gəmi silahları, sualtı hərəkət vasitələri, sahil artilleriya qurğuları, radar, sonarlar və digər müdafiə texnologiyalarını nəzərdən keçirilərək aidiyyəti üzrə mütəxəssislərə tapşırıqlar verilib:
"Tədbir zamanı İtaliya Respublikasının aparıcı müdafiə sənayesi şirkətlərinin zavod və infrastrukturlarına ziyarətlər təşkil edildi və sözügedən şirkətlərin istehsal etdikləri müdafiə sənayesi məhsullarını yerindəcə incələmək imkanımız oldu. Xüsusilə suüstü dəniz platformalarıyla yanaşı, müşahidə, kəşfiyyat, rabitə üzrə təqdim olunan texnikalar bizim diqqətimizi çəkdi və qeyd olunan texnikalar haqqında daha detallı görüşlərimiz davam edəcəkdir", - HDQ komandanı deyib.