Bakı. Trend:
İranın İsrailə hücumunu qətiyyətlə pisləyirəm.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" sosial şəbəkəsində bildirib.
"Regional eskalasiyanın daha da artmasının qarşısını almaq üçün hər şey edilməlidir. Daha çox qan tökülməsinin qarşısı alınmalıdır. Biz tərəfdaşlarımızla vəziyyəti yaxından izləməyə davam edəcəyik", - deyə o yazıb.
Qeyd edək ki, bu gün (14 aprel) İran İsrailə qarşı “Doğru Vəd” adlı əməliyyata başladığını və İsrailə onlarla PUA və raket atdığını təsdiqləyib.
Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.