Bakı. Trend:
Məlumatların ehtiyat nüsxəsinin yaradılması nə üçün vacibdir?
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatlarınızın ehtiyat nüsxələrini yaratmaqla fayllarınızın səhvən silinməsinə, eləcə də kibertəhdidlərə qarşı tədbir görmüş olacaq, beləcə, təhlükəsizliyinizi təmin etmiş olacaqsınız.
Kiberhücumlardan müdafiə
“Ransomware” kiberhücumları zamanı məlumatların şifrlənməsi prosesi baş verir və kiberdələduzun tələbləri yerinə yetirilmədiyi müddətcə məlumatlar əlçatmaz olaraq qalır. Ehtiyat nüsxələr isə bu zərəri minimuma endirmək üçün bərpa edə biləcəyiniz təmiz surəti təmin edir.
Səhvən silinmə
Bəzən insan səhvi mühüm faylların silinməsinə səbəb olur. Həmin faylları tez bir zamanda bərpa etmək üçün isə ehtiyat nüsxələr köməyə çata bilər.
Təhlükəsizlik insidentlərinə çevik cavab
Ehtiyat nüsxələr zərərli proqramlardan və digər təhlükəsizlik pozuntularından təmiz bir mühit təmin edərək zəruri hallarda bütün sistemi bərpa etmək üçün istifadə oluna bilər.