...

Füzuli şəhərinin azad edilməsi zəfər tariximizin şanlı səhifələrindən biridir - ŞƏRH

Gündəm Materials 17 Oktyabr 2024 17:10 (UTC +04:00)
Füzuli şəhərinin azad edilməsi zəfər tariximizin şanlı səhifələrindən biridir - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Füzuli şəhərinin azad edilməsi zəfər tariximizin şanlı səhifələrindən biridir.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, rayonun azad edilməsindən sonra erməni silahlı birləşmələri əsas qüvvələrini Füzulinin müdafiəsi istiqamətində cəmləşdirmişdilər.

"Çünki Azərbaycan Ordusu müharibənin ilk günlərindən rayon mərkəzinin dörd kilometrliyinə qədər irəliləmişdi. Lakin burada müdafiə olunan erməni qüvvələrinin sayı kifayət qədər çox idi. Buna görə də Azərbaycan Ordusunun rəhbərliyi Hadrut istiqamətinə irəliləməyi hədəf götürdü. Hadrutun azad edilməsi Füzulidə yerləşən düşmən qüvvələrinin darmadağın edilməsi münbit şərait yaratdı. Oktyabr ayının 16-da Azərbaycan Silahlı Qüvvələrinin Xocavənd rayonunun bir neçə kəndini azad etməsi ilə ordumuz Füzuli şəhərinə daha da yaxınlaşdı. Şəhər bir neçə istiqamətdən hissə və bölmələrimiz tərəfindən mühasirəyə alınması və gecə saatlarından şəhər uğrunda döyüşlərin başlanmasıyla nəticələndi. Vətən Müharibəsində ən ağır döyüşlərdən biri Füzuli şəhəri uğrunda oldu. Düşmənin güclü müqavimətinə baxmayaraq oktyabrın 17-i səhər saatlarında böyük itki verərək geri çəkildi. Füzuli şəhərinin mərkəzi azad olunmaqla doqquz kənd də ordumuz tərəfindən azad edildi. Füzuli şəhərinin azad edilməsi ordumuzun daha geniş coğrafiyada əks-hücum əməliyyatları keçirtməsinə münbit şərait yaratdı. Artıq düşmən ordusunda fərarilərin sayı 7 minə yaxınlaşırdı. Füzulinin azad edilməsi ordumuzun və xalqımızın qələbə inamını daha da artırırdı", - o deyib.

Hərbi ekspert Bahadur Kamil bildirib ki, Füzuli şəhərinin azad edilməsi, ölkəmizin milli birliyini, döyüşçülərin cəsarətini və müzəffər ordumuzun gücünü göstərən döyüşlərdən biridir.

"2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ Müharibəsi, Azərbaycan Ordusunun peşəkarlığı və müasir döyüş taktikaları ilə yadda qaldı. Füzuli şəhərinin azad edilməsi, ordumuzun müvəffəqiyyətli əməliyyatlarından biri oldu. Bu əməliyyat şəhərin strateji əhəmiyyətini nəzərə alaraq, düşmən qüvvələrinin müqavimətini qırdı.

Füzuli şəhərinin azad edilməsi, yalnız bir ərazinin geri qazanılması deyil, həm də Azərbaycan xalqının milli birliyinin və iradəsinin bir nümayəndəsi oldu. Bu hadisə xalqımızın bir araya gələrək, tarixi ədaləti bərpa etmək uğrunda mübarizəsini simvollaşdırdı. Şəhərin azad edilməsi, Azərbaycan xalqının tarixində şanlı bir səhifədir. Bu, yalnız bir müharibə uğuru deyil, həm də millətimizin iradəsinin, cəsarətinin və birliyinin simvoludur. Füzulinin azad edilməsi, gələcək nəsillərə örnək olacaq və Azərbaycanın tarixi müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edəcək", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti