Bakı. Trend:
Dialoq ümumi həllərə nail olmaqda həlledici rol oynayır və çətin vəziyyətlərdə fürsətlərin axtarışına kömək olur.
Trend xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç XII Qlobal Bakı Forumu çərçivəsində deyib.
O, çağırışların imkanlara çevrilməsi və sülhün bərpası kimi vacib mövzuların müzakirəsinin açıq dialoq tələb etdiyini vurğulayıb.
“Deyton razılaşmaları təkcə Bosniya və Herseqovinada müharibəyə son qoymadı, həm də ölkə xalqlarına sülh şəraitində yaşamağa imkan verən siyasi və konstitusion sistem yaratdı. Bu, onun başlıca nailiyyəti oldu”, – deyə Tsviyanoviç vurğulayıb.
Onun sözlərinə görə, son 30 ildə ölkədə etnik zəminli münaqişələr müşahidə olunmasa da, Deyton sazişinin şərhi və keçid prosesi ilkin olaraq nəzərdə tutulmayan dəyişikliklərə gətirib çıxarıb.
“Hesab edirəm ki, Deyton sazişinə ciddi riayət edilməsi Bosniya və Herseqovinanı daha sabit və xoşbəxt ölkəyə çevirə bilərdi. Lakin beynəlxalq müdaxilə əksinə, köhnə yaraların açıq qalmasına şərait yaratdı”, -deyə o əlavə edib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.