Bakı. Trend:
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən keçirilmiş birgə monitorinqlər nəticəsində Qəbələ rayonunun meşə fondu torpaqlarında qanun pozuntusu aşkar edilmişdir.
Müəyyən olunmuşdur ki, Qəbələ rayonu, Vəndam meşəbəyliyinin 86-cı kvartalında yerləşən və 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi (RMTM) tərəfindən turizm-rekreasiya məqsədilə istifadəyə verilmiş 0,6 hektar sahədə sahibkar tərəfindən müqavilə şərtləri kobud şəkildə pozularaq qanunsuz tikinti işləri aparılmışdır.
Monitorinq zamanı məlum olmuşdur ki, meşə fondu torpağında əsaslı tikinti aparılaraq 8x10x3 metr ölçülərində daş materialdan inşa edilmiş tikili, eləcə də təqribən 10x20 metr ölçüdə dəmir konstruksiyalar vasitəsilə quraşdırılmış avtodayanacaq sahəsi yaradılmışdır. Qeyd olunan tikinti işləri nəticəsində meşə əmələgəlmə prosesi məhdudlaşdırılmış, torpaq örtüyünə müdaxilə edilmiş və meşə fonduna ziyan vurulmuşdur.
15 saylı RMTM tərəfindən aşkar edilmiş qanun pozuntusu dərhal aktlaşdırılmış, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq meşə fonduna dəymiş ziyan hesablanmış və sahibkara rəsmi qaydada izah edilmişdir. Görülmüş operativ tədbirlər nəticəsində qanunsuz tikililər və konstruksiyalar dərhal sökülmüş, ərazi əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq bərpa tədbirlərinə başlanılmışdır.
Bir daha ictimaiyyətin diqqətinə çatdırılır ki, meşə fondu torpaqlarında hər hansı tikinti və torpaq işlərinin aparılması yalnız qanunvericiliyin tələblərinə və bağlanmış müqavilələrin şərtlərinə ciddi riayət olunmaqla mümkündür. Əks halda, qanun pozuntularına yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən ölkə ərazisində meşə fondunun qorunması, qanunsuz müdaxilələrin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində monitorinq və nəzarət tədbirləri davam etdirilir.