Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
"Novosti -Kazaxstan" İA Atırau vilayəti hakimiyyətində (vilayət administrasiyası) özünü partlatma faktını təsdiqləyib. Trend-in məlumatına görə, bu hadisə nəticəsində bir nəfər həlak olub.
"Təxminən saat 09:50 radələrində Atırau şəhərinin Sarı-Arka mikrorayonu ərazisindəki boş ərazidə naməlum şəxs özünü partladıb. O həlak olub, başqa xəsarət alan yoxdur", - vilayət hakimiyyətinin daxili siyasət şöbəsinin əməkdaşı deyib.
O həmçinin məlumat verib ki, bazar ertəsi təxminən saat 09:43 radələrində Atıraunun Kulmanov küçəsində tikilməkdə olan evin qarşısındakı tikinti meydanında zibil çənində partlayıcı qurğu işə düşüb. Onun sözlərinə görə, ikinci partlayış nəticəsində heç kim zərər çəkməyib, yaşayış və inzibati binalara ziyan dəyməyib.
Yeri gəlmişkən, hüquq-mühafizə orqanlarındakı mənbənin "Novosti -Kazaxstan" agentliyinə verdiyi məlumata görə, özünü partlatma yaşayış evində naməlum şəxs tərəfindən törədilib, zibil çənindəki bomba vilayət hakimiyyətinin həyətində partlayıb.