Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/
3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1990-cı il təvəllüdlü Rəvan Etibar oğlu Şükürova qohumu Rəhman Əli oğlu Axundovun gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı canamazın içərisində gizlədilmiş 1(bir) ədəd "Egitel" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Faktla əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, Rəvan Etibar oğlu Şükürov təcridxanada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) və 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılır.