...

Gömrükçülər Bakıda hava limanında Türkiyədən gətirilən dəyənək və “beşbarmaq”lar aşkar ediblər

Hadisə Materials 1 Oktyabr 2013 13:04 (UTC +04:00)
Azərbaycan gömrükçüləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyədən gətirilən dəyənək və “beşbarmaq”lar aşkar ediblər.
Gömrükçülər Bakıda hava limanında Türkiyədən gətirilən dəyənək və “beşbarmaq”lar aşkar ediblər

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan gömrükçüləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyədən gətirilən dəyənək və "beşbarmaq"lar aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən mlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Antalya-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Pərviz Əhədova məxsus çantaya gömrük baxışı zamanı həmin çantadan gömrük nəzarətinə təqdim edilməyən 1 ədəd metaldan hazırlanmış dəyənək aşkar olunub.

İlkin araşdırma zamanı Pərviz Əhədov izahatında həmin dəyənəyi Antalya şəhərindən suvenir qismində aldığını bildirib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən isə kustar üsulla hazırlanmış həmin əşya əzici-vurucu xassəyə malik soyuq silah və təyinatı üzrə istifadəyə yararlı hesab edilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsində buna bənzər daha bir qaçaqmalçılıq halının qarşısı alınıb. Belə ki, Antalya-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Orxan Əhədova məxsus çemodana gömrük baxışı zamanı oradan gömrük nəzarətinə təqdim edilməyən 1 ədəd metaldan hazırlanmış dəyənək və 2 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunub.

İlkin araşdırma zamanı Orxan Əhədov da izahatında həmin dəyənək və "beşbarmaq"ları Antalya şəhərindən suvenir qismində aldığını bildirib.

Lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, kustar üsulla hazırlanmış həmin əşyalar da əzici-vurucu xassəyə malik soyuq silah və təyinatı üzrə istifadəyə yararlı hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti