Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir İ.İzzət/
Bakıda müxtəlif oğurluqlarda şübhəli bilinən 3 qadın tutulub. Qadınlardan əvvəllər də məhkumluq həyatı yaşayan biri bir neçə oğurluqda ittiham olunur.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 27-si saat 07 radələrində Vüsal Ramazanovun Yeni Günəşli qəsəbəsindəki mənzilindən oğurluğa cəhd olunub. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Mətanət Hüseynova yaxalanıb. Müəyyən olunub ki, o, noyabrın 22-də Babəli İsbatovun Yeni Günəşli qəsəbəsindəki mənzilindən 2 ədəd bankomat kartı və şəxsi sənəd, noyabrın 25-də isə Cəmilə Qurbanovanın mənzilindən, açıq qapıdan keçmə yolu ilə pul, 1 cüt qızıl sırğa, şəxsiyyət vəsiqəsi, bankomat və sığorta kartları oğurlayıb.
Noyabrın 27-də Qara Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Röya Bağırovaya məxsus, içərisində 120 manat, 100 ABŞ dollar, 50 Avro və 2 ədəd bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Roza Ağammədova Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Həmin bölmənin əməkdaşları həmin prospektdə yerləşən ticarət mərkəzində oğurluq etmiş daha bir qadını tutublar. Bu dəfə noyabrın 23-ü saat 15 radələrində Qara Qarayev prospektində yerləşən ticarət mərkəzində, orada işləyən Bakı şəhər sakini Minəxanım Əliyevanın 160 manat pulunu masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Könül Salmanova tutulub.