Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İlkin İzzət/
Soyuq silahı "suvenir" kimi gömrükdən keçirmək istəyən şəxs saxlanılıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Yalçın Muradov gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda "beşbarmağ"a bənzər əşyaların təsvirləri görünüb.
Təkrar yoxlama zamanı Y.Muradova məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasından 2 ədəd qara rəngli metaldan hazırlanmış "beşbarmaq" aşkar olunaraq götürülüb.
İlkin araşdırma zamanı Y.Muradov izahatında bildirib ki, baqajından aşkar olunan "beşbarmaq"ları Türkiyədən suvenir kimi alıb və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşyalar kustar üsulla "beşbarmaq" tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdırlar.
Faktla bağlı təhqiqat aparılır.