Bakı. Samir Əli - Trend:
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridiyi ardıcıl əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Y.Əliyev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 3 bükümdə ümumi çəkisi 12 qramdan artıq narkotik vasitə heroin və 1 ədəd “beşbarmaq” aşkar olunaraq götürülüb.
Aparılan araşdırmalarla Y.Əliyevə narkotik vasitəni satan şəxsin Cəlilabad şəhər sakini A.Nağıyev olduğu müəyyən edilib və o saxlanılıb. Sonuncunun üzərinə keçirilən baxış zamanı ondan 1 büküm psixotrop maddə metamfetamin aşkarlanıb. Keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq narkotiklərin qanunsuz dövriyyəsində A.Nağıyevlə əlbir olan rayon sakini F.Abbasov da müəyyən edilərək saxlanılıb və onun üzərinə keçirilən baxış zamanı 167 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.