Bakı. Samir Əli - Trend:
Bakı-Ələt yolunda sərnişin daşıyan mikroavtobusunun toqquşması nəticəsində xəsarət alan 2010-cu il təvəllüdlü Əli Əlili dünyasını dəyişib.
Trend-in məlumatına görə, Klinik Tibbi Mərkəzdə müalicə alan Ə.Əlili həkimlərin səyinə baxmayaraq, ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, dekabrın 17-də Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində, Bakı-Ələt yolunun 61-ci km-də 1985-ci il təvəllüdlü Gədəbəy rayon sakini İsmayılov Cəmşid Alı oğlu idarə etdiyi “Ford Transit” markalı, 99-CA-495 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan 1984-cü il təvəllüdlü Saatlı rayon sakini Əliyev Rövşən Yaşar oğlunun idarə etdiyi “VAZ 2105” markalı, 50-DU-435 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində “Ford Transit” markalı mikroavtobusda olan sərnişinlər - 2010-cu il təvəllüdlü Əlili Əli Xaliq oğlu və 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə Təlfildar qızı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə, 1987-ci il təvəllüdlü Əliyeva Samirə Nüsrət qızı, 1980-ci il təvəllüdlü Əliyev Xaliq Şahbaz oğlu, 1994-cü il təvəllüdlü Mərdanov Zabit Rəhman oğlu travma şöbəsinə yerləşdirilib, 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə Fizuli qızı, 1968-ci il təvəllüdlü Ağabəyova Gülnaz Baba qızı, 1961-ci il təvəllüdlü Məmmədova Təranə Fərman qızı və 2008-ci il təvəllüdlü Əlili Nigar Xaliq qızı müayinə olunaraq evə buraxılıblar.
Yol qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkən şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.