Bakı. Trend:
Oktyabrın 2-də paytaxtın Sabunçu rayonu ərazisində 2004-cü il təvəllüdlü Xəyal Nağıyevin aldığı xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan Trend-ə bildirilib ki, aparılmış istintaqla yetkinlik yaşına çatmayan A.D-nin (şərti) oktyabrın 1-də aralarında yaranmış mübahisə zamanı Xəyal Nağıyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Yetkinlik yaşına çatmayan A.D (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
XXX
07:54
Oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elçin Süleymanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.