...

Yolun ortasında dayanan nasaz avtomobil qəzaya səbəb oldu (VİDEO)

Hadisə Materials 2 May 2025 10:18 (UTC +04:00)
Yolun ortasında dayanan nasaz avtomobil qəzaya səbəb oldu (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Texniki nasaz avtomobilin yolun orta zolağında qalması, təhlükəsizlik tədbirlərinin görülməməsi və ara məsafəsinin saxlanılmaması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” m/st-nın yaxınlığında baş verən bu qəzadan sürücülər nəticə çıxarmalıdır.

Bu barədə Trend-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.

Onun sözlərinə görə, prospektdən mərkəz istiqamətində hərəkət edən “Qazel” markalı yük avtomobilində texniki nasazlıq yaranıb və sürücü belə məqamda “Yol hərəkəti haqqında” qanunun 55-ci maddəsinin müvafiq bəndlərini əsas götürmək əvəzinə, avtomobildə yaranan nasazlığı həll etməyə çalışıb.

"Nəticədə yolda hərəkət edən digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaranıb və digər sürücünün ara məsafəsi saxlamaması da yol-nəqliyyat hadisənin baş verməsini qaçılmaz edib.

Mərkəzin müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlilləri onu deməyə əsas verir ki, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda bəzi sürücülər təhlükəsizlik qaydalarına riayət etmirlər. Sürücülərin diqqətinə çatdırırıq ki, avtomobildə texniki problem yarandıqda sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. Bu zaman qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir",- deyə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti