Bakı. Trend:
Asiya İnkişaf Bankının (AİB) Azərbaycana investisiyaları selektiv, innovativ və qeyri-neft-qaz sektorunda iqtisadi artıma və özəl sektorun inkişafına dəstəyə hədəflənmiş olacaq.
Trend bu barədə banka istinadən xəbər verir.
“AİB Azərbaycan üçün dövlət qurumlarına, tərəfdaşlara və investorlara birgə şəkildə iqtisadi cəhətdən səmərəli və nəticəyönümlü həllərin hazırlanması və həyata keçirilməsi məqsədilə analitik və konsultativ dəstəyi göstərəcək.
AİB-in yatırımları selektiv, innovativ xarakter daşıyacaq və əsas diqqət qeyri-neft sektorunda iqtisadi artımın dəstəklənməsi və özəl sektorun inkişafına yönələcək. Strategiya iki əsas istiqamət üzrə qurulacaq: (i) yaşıl və şaxələndirilmiş iqtisadiyyatın yaradılmasına dəstək və (ii) aşağı karbonlu əlaqəliliyin və inklüziv inkişafın təşviqi.
Bundan əlavə, sektorlararası dəstək tədbirləri də həyata keçiriləcək ki, bunlara özəl sektorun inkişafı, iqlim dəyişikliyi ilə mübarizə və fəlakət risklərinin idarə olunması, gender bərabərliyinin təşviqi və rəqəmsal keçidin sürətləndirilməsi daxildir”, – deyə AİB-in 2025–2029-cu illər üzrə Azərbaycanla tərəfdaşlıq strategiyasında bildirilir.
“AİB-in Birləşmiş Yanaşması” ölkənin biliklərə əsaslanan, innovativ, ekoloji və şaxələndirilmiş iqtisadiyyata keçidinə töhfə verəcək. Bu yanaşma AİB-2030 Strategiyasının aralıq icmalı və prioritet istiqamətləri ilə uyğunlaşdırılacaq. Mövcud regional və qlobal qeyri-sabitlik, müşayiət edən risklər və imkanlar nəzərə alınmaqla, strategiyada Azərbaycanın ehtiyaclarını ödəmək üçün çevik yanaşmadan istifadə ediləcək.