...

Azərbaycanın İsmayıllı rayonunda torpaq sürüşməsi olub

Hadisə Materials 15 May 2007 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Güclü və aramsız yağan yağışlar İsmayıllı rayonunun kəndlərini su basması və sürüşmə ilə nəticələnib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Akif Xıdırov çərşənbə axşamı Trend ə bildirib ki, dünən axşamdan başlayan yağışlar rayonun 17 kəndinə ciddi ziyan vurub. Rayonun Xənəyə, Aşıqbayram, Qaraqaya və digər kəndlərindəki əkin sahələri su altında qalıb. Rayon ərazisindən keçən Girdman, Göyçay, Ax-Oxçay çaylarında daşqınlar olub.

Xıdırovun sözlərinə görə, güclü yağış Qaraqaya kəndində torpaq sürüşməsinə səbəb olub. Rayona gələn su xəttində ciddi problemlər yaranıb. Problemin aradan qaldırılması üçün əraziyə texnika cəlb olunub. Rayonda bir neçə evə ciddi ziyan dəyib. Hazırda Fövqəladə hallar Komissiyasının üzvləri kəndlərə səfərbər olunub. Leysan yağışlar nəticəsində dəyən ziyanın həcmi müəyyənləşdirilir. Komissiya sədrinin sözlərinə görə, təbii fəlakət nəticəsndə əmlaklarına ziyan dəymiş rayon sakinlərinə kompensasiya ödəniləcək. Təbii fəlakət nəticəsində rayonun qaz, işıq və rabitə təminatında problem yaranmayıb.

Rayon sakinlərinin verdiyi məlumata görə, rayonun Topçu, Buynuz, Qalacıq, İstisu və digər kəndlərinə də əkin sahələrinə, əhalinin təsərrüfatına ciddi ziyan dəyib. Güclü yağış əkin sahələrini yuyub.

Xəbər lenti

Xəbər lenti