...

Yasir Ərəfatın qəbri açılır

Maraqlı Materials 5 Sentyabr 2012 16:14 (UTC +04:00)
Fransalı müstəntiqlər Ərəfatın zəhərlənməsi iddiasını araşdırmaq üçün Ramallaha gəlirlər. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.
Yasir Ərəfatın qəbri açılır

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Fransalı müstəntiqlər Ərəfatın zəhərlənməsi iddiasını araşdırmaq üçün Ramallaha gəlirlər. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

Həyat yoldaşı Süha və qızı Zahva Ərəfatın iddia ərizəsi ilə bağlı Fələstinin əfsanəvi lideri Yasir Ərəfatın "şübhəli" ölümünü araşdıran fransız müstəntiqlər onun Ramallahdakı məzarının açılmasını qərara alıblar.

Qeyd edək ki, Ərəfatın geyimlərində həddindən artıq miqdarda zəhərli polonium maddəsinin aşkar olunmasından sonra araşdırmalara başlayan fransız müstəntiqlərin məzarın açılması ilə bağlı tələbinə Fələstin rəhbərliyi tərəfindən də "yaşıl işıq" yandırılıb. Yeri gəlmişkən, kəşfiyyat orqanları poloniumdan "sui-qəsd zəhəri" kimi istifadə edildiyini bildirirlər.

Avqust ayında Süha Ərəfatın müraciətinin qəbul edilməsindən sonra Fransanın Nant məhkəməsi üç müstəntiqə Ərəfatın zəhərlənməsi barədə şübhələrin araşdırılmasını həvalə edib. Xanım Ərəfat bu səhər məsələ ilə bağlı jurnalistlərə şərh verərkən bildirib ki, müstəntiqlər həyat yoldaşının ölümünü araşdırmaq üçün Ramallaha getmək tələblərini rəsmi olaraq onun vəkilinə çatdırıblar. "Son dərəcə xoşbəxtəm", - Süha Ərəfat deyib.

Süha Ərəfat Fələstin muxtariyyəti rəhbərliyinə Yasir Ərəfatın ölümünü araşdıracaq xüsusi bir komissiya yaratmaqla bağlı işlərin təxirə salınması çağırışı ilə müraciət edib. "Hazırda Fransa məhkəməsi məsələni araşdırır. Hələlik digər bütün cəhdləri təxirə salaraq məhkəmənin işinə köməkçi olmağa çağırıram", - o bildirib.

Öz növbəsində, Fələstin lideri Mahmud Abbas araşdırma ilə bağlı məmnunluq duyduğunu, bu işdə lazım olan hər cür köməyi göstərməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti