...

Qədim Misir şahzadəsinin qəbri aşkarlanıb

Maraqlı Materials 9 Noyabr 2012 13:54 (UTC +04:00)
Ötən həftənin sonlarında aşkar olunan Qədim Misir şahzadəsi Şebt Nebtinin sərdabəsi arxeoloqlar arasında qızğın mübahisələrə səbəb olub.
Qədim Misir şahzadəsinin qəbri aşkarlanıb

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Ötən həftənin sonlarında aşkar olunan Qədim Misir şahzadəsi Şebt Nebtinin sərdabəsi arxeoloqlar arasında qızğın mübahisələrə səbəb olub. Belə ki, şahzadə fironların ailə üzvlərindən xeyli kənarda dəfn edilib. Trend-in məlumatına görə, bu barədə Rusiya mətbuatı İngiltərədə dərc olunan "Daily Mail" qəzetinə istinadən xəbər verir.

Beşinci sülalədən olan şahzadənin qəbri Qahirədən cənubda, Əbu-Sir adlı ərazidə aşkar edilib. Məzar təqribən e.ə. 2500-ci ilə aid edilir. Bu kəşf çex arxeoloqlar üçün əsl sürpriz olub. Çünki beşinci sülalənin üzvlərinin demək olar ki, hamısı bu yerdən 1,5 kilometr uzaqda dəfn ediliblər.

Məqbərənin özü bir qayda olaraq, tanınmış qədim misirlilərin dəfn edildikləri "əbədiyyət evləri" formasında tikilmiş kvadrat yeraltı tikilidən ibarətdir. Tikilinin şimal və qərb divarları əhəngdaşı ilə tikilib.

Həmçinin məzarın əhəngdaşından hörülmüş şərq divarına nərdivan birləşir. Məqbərənin yastı damını əvvəlcədən haşiyələrlə çərçivələnmiş dörd sütun saxlayır. Sütunların cənub tərəfində heroqliflə şahzadənin adı və qəbirüstü yazı yazılıb: "Şert Nebti - Böyük Allah tərəfindən sevilən, hörmət edilən fironun qızıdır".

Bundan başqa, arxeoloqlar cənub-şərqdən məzara açılan dəhlizi qazaraq üzə çıxarıblar. Onun vasitəsilə dörd başqa məqbərəyə düşmək mümkündür. Həmin məzarlarda isə yüksək vəzifəli məmurlar basdırılıb.

Şert Nebtinin məzarını araşdıran alimlər şahzadənin qalıqlarının hələ orada olduğuna əmin deyillər. Ancaq bu sərdabə çox böyük dəyərə malikdir. Arxeoloqların fikrincə, "pəncərə"ni tapmaqda onların bəxti gətirib. "Biz onunla keçmişə qayıda və ehramların tikintisi dövründə yaşamış tanınmış adamların həyatını və ölümünü addımbaaddım təqib edə bilərik", - tədqiqat komandasının iştirakçılarından biri olan Miroslav Bartın bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti