Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Yaxın 20 il ərzində Afrikada şirlərin sayı iki dəfə azala bilər.
Trend-in "National Geographic" jurnalına istinadən verdiyi məlumata görə, vəhşi mühitdə 27 ölkənin (əsasən, Afrika) ərazisində yaşayan şirlərin sayı faciəli şəkildə azalır. Hələ 1980-ci ildə onların sayı təqribən 75 min idisə, hazırda bu göstərici 20 mini ötmür. Bundan bir qədər əvvəl isə aslanların sayının 30 min olduğu deyilirdi.
Daha ağır vəziyyət Qərbi və Mərkəzi Afrikadadır. Burada şirlərin sayı ötən illə müqayisədə 67 faiz azalıb. Qitənin şərqində isə bu azalma 37 faizdir. Bu tendensiyanı nəzərə alsaq, 2035-ci ilə bütün Afrikada şirlərin sayı 10 mindən çox olmayacaq.
Qeyd edək ki, insan qəddarlığı nəticəsində sayı daha sürətlə azalan heyvanlar arasında fil və kərgədanlar da var.