Azərbaycan, Bakı, 07 may / Trend , müxbir E.Babayev/ Almaniyanın sabiq dövlət katibi bəyan edib ki, dünya dövlətləri Dağlıq Qarabağın işğal faktına biganə yanaşmamalıdır.
"Dağlıq Qarabağın işğal olunması bəşəriyyətə qarşı yönəlmiş əməl kimi dəyrləndirilməlidir. Biz Avropa və Amerikanı işğal faktına göz yummamağa çağırırıq" çərşənbə günü Bakıda Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Almmaniyanın sabiq dövlət katibi, Azərbaycan-Almaniya Forumunun rəhbəri Otto Hauser bildirib.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Hauser deyib ki, enerji təminatçısı olan və demokratiya yolunu tutan bir ölkə o vaxt irəli gedə bilər ki, orada sabitlik qorunsun. "Azərbaycan Avropanın enerji təzlükəsizliyində mühüm rol oynamağa başlayıb. Biz də çalışmalıyıq ki, Azərbaycanda sabitlik qorunsun" sabiq dövlət katibi əlavə edib. Hauser həmçinin bildirib ki, Avropa Şurasının üzvü olan Azərbaycan Avropa dəyərlərinin daşıyıcısıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]