...

Moskva Dağlıq Qarabağ probleminin nizamlanmasında həlledici rol oynaya bilər - türkiyəli ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2009 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir R.Hafizoğlu /

Türkiyəli ekspert hesab edir ki, Rusiya ilə Ermənistan əlaqələrinin yüksək səviyyədə olması Moskvaya Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir etmək imkanı verir.

"Rusiyanın son zamanlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində atdığı addımlar onu söyləməyə əsas verir ki, Moskva bu məsələdə həlledici rol oynaya bilər", - deyə Ankaradan İşık Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Bülənt Aras cümə günü telefonla Trend -a bildirib.

Trend -un arayışı: Rusiyanın Baş naziri Vladimir Putin Türkiyəyə səfər edib. Putin Türkiyəyə rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi və fəal işlər görüldüyünü bildirib. Baş nazir onu da qeyd edib ki, Moskva bu münaqişənin tezliklə həll edilməsini istəyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Aras hesab edir ki , Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə ilə yanaşı Rusiyanın da maraqlarına  xidmət edir.

"Türkiyə regionda qonşu dövlətlərlə, o cümlədən Ermənistanla münasibətlərin normallaşmasını istəyir. Bu isə Dağlıq Qarabağ problemi həll edilmədən mümkün deyil. Məhz bu səbəbdən də Rusiya ilə Türkiyənin müzakirə obyekti  Dağlıq Qarabağ məsələsidir", - deyə Aras bildirib.

Türkiyəli ekspert hesab edir ki, Dağlıq Qarabağ probleminin həll olunması Rusiyanın Qafqazda maraqlarından əl çəkməsi anlamına gəlməli deyil.
"Rusiya Qafqaza olan marağından heç zaman əl çəkməyəcək. Lakin Qafqazda qeyri-stabil vəziyyət Rusiya üçün də təhlükə mənbəyidir. Elə bu səbəbdən də Rusiya regionda stabilliyin olması üçün addımlar atacaq", - deyə o qeyd edib.

 
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti