...

Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərə səfər etmək dövlət sərhəddinin qanunsuz keçilməsi kimi qiymətləndiriləcək – Polşa XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Yanvar 2011 13:09 (UTC +04:00)
Polşa XİN öz vətəndaşlarını Azərbaycan hakimiyyətinin icazəsi olmadan Dağlıq Qarabağa səfər etməməyə çağırır.
Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərə səfər etmək dövlət sərhəddinin qanunsuz keçilməsi kimi qiymətləndiriləcək – Polşa XİN

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir S.Ağayeva/

Polşa XİN öz vətəndaşlarını Azərbaycan hakimiyyətinin icazəsi olmadan Dağlıq Qarabağa səfər etməməyə çağırır.

"Beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və Bakıdakı hakimiyyətlə ilkin razılaşdırma olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər Azərbaycan Respublikasının dövlət sərhəddinin pozulması hesab ediləcək", - Polşanın Azərbaycandakı səfirliyinin saytında yerləşdirilən Polşa XİN-in məlumatında deyilir.

Avropa parlamentarisi, Ermənistan üzrə əsas məruzəçi, polşalı deputat Tomaş Poreba ötən il dekabrın əvvəllərində Ermənistana səfəri çərçivəsində bu ölkənin işğal etdiyi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda olub. O, bu səfəri zamanı separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirib. Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Polşa tərəfinə etiraz notasını təqdim edib və Porebanı "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti