...

Strasburqda Fariz Bədəlovun öldürülməsi ilə bağlı etiraz aksiyası keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2011 18:39 (UTC +04:00)
Fransadakı Azərbaycan diasporu çərşənbə günü Strasburq şəhərində Avropa Şurasının binası qarşısında Ağdam rayonu Orta Qərvənd kənd sakini 2002-ci il təvəllüdlü Fariz Bədəlovun Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq aksiya keçirib.
Strasburqda Fariz Bədəlovun öldürülməsi ilə bağlı etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 16 mart /Trend/

Fransadakı Azərbaycan diasporu çərşənbə günü Strasburq şəhərində Avropa Şurasının binası qarşısında Ağdam rayonu Orta Qərvənd kənd sakini 2002-ci il təvəllüdlü Fariz Bədəlovun Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq aksiya keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Trend-in məlumatına görə, "Strasburq Azərbaycan Evi" cəmiyyətinin təşkil etdiyi aksiyada "Ermənistan təcavüzünə son!", "Uşaqların qatillərinə ar olsun!", "Soyqırıma son!" kimi şüarlar səsləndirilib.

Qətlə yetirilən Fariz Bədəlovun şəkli ilə yanaşı, erməni faşizminin təməlini qoyan və onu davam etdirən Zori Balayan, Robert Koçaryan və Serj Sarkisyanın şəkilləri aksiya iştirakçıları tərəfindən nümayiş etdirilərək "uşaqların qatillərinə ar olsun!" şüarı səsləndirilib.

Nümayişçilər 9 yaşlı Fariz Bədəlovun öldürülməsi ilə bağlı hazırladıqları bəyanatı paylayıblar.

Adıçəkilən bəyanat və Fariz Bədəlovun şəkli zərf içində Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğluya, AŞ-nin baş katibinə, Avropa Şurasının insan haqları üzrə komissarına, Ailə və uşaqlarla bağlı komissiya sədrinə, Nazirlər Komitəsinin sədrinə verilib.

Bəyanat və Fariz Bədəlovun şəkli Avropa Şurası və Avropa İttifaqının deputatlarının elektron ünvanlarına da göndərilib.

Ermənistan silahlı qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

Xəbər lenti

Xəbər lenti