...

Bayram Səfərov: Bizim məqsədimiz yalnız doğma torpaqlarımıza qayıtmaqdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2011 12:12 (UTC +04:00)
Bizim məqsədimiz yalnız doğma torpaqlarımıza qayıtmaqdır. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan gözləntimiz də bundan ibarətdir.
Bayram Səfərov: Bizim məqsədimiz yalnız doğma torpaqlarımıza qayıtmaqdır

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir T.Hacıyev/

Bizim məqsədimiz yalnız doğma torpaqlarımıza qayıtmaqdır. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan gözləntimiz də bundan ibarətdir. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.

Səfərov bildirib ki, Dağlıq Qarabağa hər hansı statusun verilməsi məhz azərbaycanlıların bu bölgəyə qayıdışından sonra reallaşa bilər. Onun sözlərinə görə, bu məsələdə Azərbaycan dövlətinin tutduğu mövqe tam ədalətlidir.

İcma rəhbəri Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə təhlükəsiz şəraitdə yaşaması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, hər iki icma əvvəllər olduğu kimi, normal yaşayıb fəaliyyət göstərmək iqtidarındadırlar.

"Dağlıq Qarabağda sadə ermənilər Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyirlər, onlar həmin günü çoxdan gözləyirlər. Sadəcə, separatçı rejim, məkrli qüvvələr buna imkan vermirlər. Təbii ki, sülh şəraitində yaşamaq üçün separatçı rejimin fəaliyyətinə son qoyulmalıdır. Biz Azərbaycan Prezidentinin münaqişənin həlli istiqamətində apardığı siyasətə inanırıq və ümid edirik ki, keçirilən görüşlər, danışıqlar müsbət nəticə verəcək. Ermənistan anlamalıdır ki, onların Azərbaycan toraqlarını işğaldan azad etməkdən başqa şansları yoxdur", - Səfərov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti