Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.Tarıverdiyeva/
ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru Adam Koberatski çərşənbə günü Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanla görüş keçirib.
Trend-in Mediamaks-a istinadən yaydığı məlumata görə, Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində son inkişafı təqdim edib.
Artur Baqdasaryanla görüşdə Koberatski ATƏT və Ermənistanın təhlükəsizlik sahəsində əməkdaşlığı ilə bağlı məsələləri müzakirə edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.