...

Misirin "Mobinil" mobil operator şirkəti "Karabakh Telecom" ilə rouminq sahəsində əməkdaşlığı dayandırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2011 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi tərəfindən Misirin "Mobinil" mobil operator şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən "Karabakh Telecom" ilə rouminq sahəsində əməkdaşlıq etdiyi müəyyən edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, bu əməkdaşlığın dayandırılması üçün səfirlik tərəfindən Misirin Xarici işlər və Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində görüşlər keçirilib və Misir tərəfinə "Mobinil" ilə "Karabakh Telecom" arasında əməkdaşlığın dayandırılması üçün nota ilə müraciət edilib.

Notada Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər sənədləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, "Mobinil"in "Karabakh Telecom" ilə əməkdaşlığının və Azərbaycan hökumətinin rəsmi icazəsi olmadan respublikamızın telekommunikasiya məkanına müdaxiləsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması olduğu bildirilərək, bu əməkdaşlığın dayandırılması üçün lazımi tədbirlərin görülməsi xahiş olunub.

Azərbaycan Respublikasının müraciətinə uyğun olaraq Misir hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində "Mobinil" ilə "Karabakh Telecom" arasındakı əməkdaşlıq dayandırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Misirin başqa bir mobil operatoru olan "Vodafone Egypt"in "Karabakh Telecom" ilə əməkdaşlığı müəyyən edilmiş və səfirlik tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində bu əməkdaşlıq da dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti