...

Avronest PA-nın deputatları Serj Sarkisyanla görüşdə Dağlıq Qarabağ məsələsini qaldırıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 12:20 (UTC +04:00)
Avronest Parlament Assambleyasının deputatları Ermənistan Prezidenti Serj Sarkisyanla görüşdə Dağlıq Qarabağ məsələsini qaldırıblar.
Avronest PA-nın deputatları Serj Sarkisyanla görüşdə Dağlıq Qarabağ məsələsini qaldırıblar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir M.Əliyev/

Avronest Parlament Assambleyasının deputatları Ermənistan Prezidenti Serj Sarkisyanla görüşdə Dağlıq Qarabağ məsələsini qaldırıblar. Bu barədə cümə günü Trend-ə Ermənistana səfərinin yekunlarına dair açıqlamasında Milli Məclisin deputatı Fərəc Quliyev bildirib.

"Ermənistan Prezidenti Serj Sarkisyanla görüşdə Avropadan olan parlamentarilər Dağlıq Qarabağ məsələsini qaldırdı. Azərbaycanlı deputatlar görüşdə Sarkisyana bildirdilər ki, işğal olunmuş ərazilərdə dəfn olunmuş azərbaycanlıların qəbirlərini ziyarət etmək qeyri-mümkündür. Həmçinin, Ermənistan Prezidentinə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil olunmasının vacibliyi bildirilib", - Quliyev əlavə edib.

Onun sözlərinə görə, görüş zamanı Sarkisyan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmadığını deyəndə, azərbaycanlı millət vəkilləri BMT-nin qəbul etdiyi dörd qətnaməni xatırladıblar.

Görüş zamanı Avropa İttifaqının himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsi təklif olunsa da, Sarkisyan buna etiraz edərək münaqişənin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinə üstünlük verdiyini deyib.

Lakin digər ölkə parlamentariləri də Avropa İttifaqı təklifinə dəstək verdiklərini deyiblər.

Quliyev həmçinin bildirib ki, Avronestin iclasında "Dağlıq Qarabağ" adı altında plakat yerləşdirilmişdi və Azərbaycan nümayəndə heyətinin təkidi ilə həmin plakat yığışdırılıb.

Onun sözlərinə görə, aeroporta düşəndə erməni sərhədçilər Azərbaycandan olan deputatları aeroportun təcridxanasına aparıblar.

Qeyd edək ki, Azərbaycan deputatları Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev Avronest Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən 23-dək Ermənistana səfərdə olublar.

Xəbər lenti

Xəbər lenti