Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/
"Rusiya uğurlu inkişafdadır. "G 8"in sammiti də Rusiyanın iqtisadi inkişafına yüksək dəyər verdi. Bir müddət öncə isə Rusiyanın Suriya siyasəti ciddi uğurlar qazanmışdı. Bu uğur da "G 8"in sammitində təsdiqini tapdı. Rusiyanın bu uğurlarını davam etdirməyə ehtiyacı var. İnkişafına olacaq yeni təhlükələri neytrallaşdırmaq da Rusiyanın ən ümdə məsələlərindən biridir. Bu, Ermənistan və Azərbaycanla olan münasibətlər kontekstində daha qabarıq görünür. Ermənistan Rusiyanın inkişafından narahat olan qüvvələrin əlində rəsmi Moskvaya qarşı alətə çevrilir. Azərbaycanla münasibətlər isə, kiçik də olsa, Rusiyanın inkişafının təminatçılarından biridir. Rusiyanın son dövrlərdə Azərbaycana tərəf reverans etməsi bu fəlsəfəyə söykənir."
Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan yaxınlaşması təkcə Ermənistan deyil, dünya erməniliyi ekspertlərinin şüurunda da deformasiyalara səbəb olub. Ermənilər inanırlarmış ki, Rusiya onların yalanlarını həqiqət kimi qəbul edəcəkdir. SSRİ-ni dağıtdıqdan sonra Rusiya tərəfindən xoş münasibət görmələri bu inamı daha da gücləndirmişdi. İndi isə ayrı reallıqdır:
"Qərb-Rusiya seçimi qarşısında qalan Ermənistanın atdığı addımlar Rusiyanı qane etmir. Ermənilərin son manevrlərində Rusiya yeni dağıdıcılıq konsepsiyasını görür."
Mərkəzin direktoru hesab edir ki, Rusiyanın gözəçarpan uğuru Yaxın Şərq coğrafiyasındadır. Hətta Suriya məsələsində Rusiya Türkiyənin mövqeyini dəyişdirə bilib:
"Rusiyanın Azərbaycanın müstəqil dövlətçiliyinə, xalqının inkişafına dəstək verməsi rəsmi Moskvanın Yaxın Şərq regionundakı siyasətini daha maraqlı və cəlbedici edə bilər. Azərbaycan-Rusiya birgə fəaliyyəti Yaxın Şərq regionunda çox uzaq hesab olunan bəzi məsələlərin reallaşmasını hədsiz yaxın edə bilər. Bütün bunlar göstərir ki, Rusiya-Azərbaycan münasibətlərinin yaxşınlaşması təsadüfi olmayıb, geosiyasi və iqtisadi baxımdan daha "gəlirli"dir."
Politoloq qeyd edib ki, erməni hərbçilərinin etirafına görə, Rusiya Ermənistanı dəstəkləməyəcəksə, müharibə başlayacağı təqdirdə, ermənilər Qarabağda iki gündən artıq qala bilməyəcəklər. Ona görə də Rusiya-Azərbaycan münasibətlərinin istiləşməsinin erməni xalqına təsirini neytrallaşdırmaq üçün müxtəlif miflər uydurmaqda davam edirlər:
"Dağlıq Qarabağ məsələsindən ən açıq, aydın fikri məhz Lavrov Moskvada azərbaycanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirdi. Dağlıq Qarabağ məsələsində Rusiyanın dəyişən mövqeyi Putin başda olmaqla Rusiya hakimiyyətinin mövqeyidir."
Əhmədoğlu bildirib ki, özlərini itirmiş erməni ekspertlərinin digər tezisi isə Dağlıq Qarabağda başlanacaq müharibənin ermənilərə psixoloji ölümcül təsirini neytrallaşdırmaqla bağlıdır. Başqa beyin məhsulu tapa bilməyən erməni ekspertləri Soçi olimpiadasını gündəliyə gətiriblər:
"Olimpiadanın təhlükəsizliyi Rusiya üçün vacibdir və bu ərəfədə Qafqaz regionunda heç bir hərbi əməliyyat ola bilməz. Azərbaycanı sakitləşdirmək üçün Rusiya indidən onunla əməkdaşlığa gedir, razılaşdırılmış birgə variant üzrə hərəkət edirlər. Azərbaycanda prezident seçkiləri dövründə rəsmi Bakı Qarabağ məsələsi ilə bağlı aktivlik nümayiş etdirmir. Əvəzində, Soçi olimpiadasından sonra Rusiya və Azərbaycan birgə addımlarla Dağlıq Qarabağ münaqişəsini həll edirlər. Bu, ermənilərin öz xalqını cəmi bir neçə ay sakitləşdirmək üçün ortalığa atdıqları ideyadır. Sözügedən ideya ilk olaraq Rusiyada yaranıb. İdeyanın daşıyıcıları ABŞ-da və Fransada yaşayan erməni ekspertləridir."
Politoloqun fikrincə, Azərbaycan bu ideyanı danmaq, inkar etmək gücündə və fikrində deyil. Amma bir şey aydındır ki, indiki şəraitdə Dağlıq Qarabağın oktyabrın 16-dək və ya 2014-cü ilin mart-aprel ayına kimi Azərbaycana qaytarılmasında böyük fərq yoxdur. (Tarixlər erməni ekspertlərinin mühakimələri əsasında müəyyənləşdirilib-M.Ə).