Bakı. Trend:
Atəşkəs rejimini mütəmadi pozan erməni təxribatçıları dinc əhali ilə yanaşı, mülki obyektləri də atəşə tutmaqda davam edirlər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 27-dən 28-ə keçən gecə ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Ağdamın Əfətli kəndində yerləşən "Qara inək fermer təsərrüfatı" MMC-yə ciddi ziyan dəyib, ofis binası dağılıb, sağım sistemi sıradan çıxıb, təsərrüfatın südün saxlanılması hissəsinə və tövlələrə ciddi zərər dəyib, çoxlu sayda mal-qara tələf olub.
Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri Ağdamın Əfətli kəndində güzəştli kreditlərdən istifadə etməklə yaradılan "Qara inək fermer təsərrüfatı" MMC-də olub, təsərrüfata baxış keçiriblər.
"Qara inək fermer təsərrüfatı" MMC-nin fəaliyyətinin bərpası üçün sahibkara lazımi köməklik göstərilir.