Bakı. İlhamə İsabalayeva - Trend:
Rusiyanın Sankt-Peterburq şəhərində sentyabrın 26-da numizmatikaya həsr olunan konfransda erməni numizmantı tərəfindən Gəncə, Qarabağ və İrəvan torpaqlarının qədim erməni ərazisi kimi təqdim olunmasının qarşısı alınmalıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.
Erməni numizmantının bu mövzudakı çıxışının konfransın proqramına artıq daxil edildiyini deyən N.Vəlixanlı bunun siyasi bir məsələ olduğunu da söyləyib. O, həmin konfransda Azərbaycandan nümayəndənin iştirak etməyəcəyini, lakin bunun təmin olunmasının vacibliyini də bildirib.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli isə deyib ki, mövzu üzrə məruzənin əsassız olması barədə elmi arayış yazılmalıdır və o məruzə konfransın gündəliyindən çıxarılmalıdır.
Akademiyanın prezidenti Akif Əlizadə bu məsələnin AMEA tərəfindən müzakirə ediləcəyini və müvafiq qərarın veriləcəyini deyib.