Bakı. Trend:
Gəncədə Xocalı faciəsinin qurbanları yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbir Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə -2”-də, “Xocalı” abidəsinin önündə baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, gənclər və Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.
Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Şəhidlərin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.
Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Daha sonra gənc rəssamların Xocalı faciəsi ilə bağlı əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirin yekununda N.Bayramov “Yeni qəsəbə-2”-də məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.