...

ATƏT-in amerikalı həmsədri Bakıya gələcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 May 2007 15:21 (UTC +04:00)
ATƏT-in amerikalı həmsədri Bakıya gələcək

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Azərbaycana iyunun 5-8-də səfər etməyi planlaşdırır. Bu barədə bu gün ABŞ-ın Bakıdakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, Brayza Azərbaycan rəhbərliyi ilə Qarabağ nizamlanmasının gedişatını müzakirə etmək niyyətindədir. Brayza həmçinin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri qismində iyunun 5-8-də Bakıda keçiriləcək "Xəzər: neft, qaz, neft emalı və neft kimyası" 14-cü beynəlxalq sərgi-konfransda iştirak edəcək. Sərgiyə qatılacaq ABŞ nümayəndə heyətinə həmçinin bu ölkənin ticarət nazirinin müavini daxil olacaq. Lakin hələlik onun adı açıqlanmır.

Xatırladaq ki, mayın 21-25-də ATƏT-in Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri bölgəyə səfər ediblər. Bu səfər zamanı Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün keçirilməsi ilə bağlı razılıq əldə olunub.

"Nizamlanmanın bu mərhələsində 7 rayonun azad olunması məsələsi müzakirə ediləcək. Dağlıq Qarabağın statusu isə gələcək müzakirələrin mövzusu olacaq" - deyə səfərin yekunlarına dair Bakıda keçirilən brifinqdə rusiyalı həmsədr Yuri Merzlyakov bildirib. O qeyd edib ki, hələlik Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin baza prinsiplərinin razılaşdırılmasından danışmaq tezdir.

Xatırladaq ki, iki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə nəticəsiz sülh danışıqları aparılır. Danışıqlara yeni təkan vermək üçün ATƏT-in fəaliyyətdə olan sədri, İspaniya XİN rəhbəri Miqel Anxel Moratinos iyunun 4-5-də Bakı və Yerevana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti