Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyasının (AKP) sədrliyinə iddialı olan Rauf Qurbanov partiyanın bu gün keçirilən Plenumunda iştirak etmir. Bu barədə Trend ə Rauf Qurbanov özü məlumat verib.
AKP-ni 1993-cü ildə yaradan və o vaxtdan indiyədək sədri olmuş Ramiz Əhmədov bu yaxınlarda vəfat edib. Onun vəfatından sonra partiya fəalları iki yerə - sədr müavinləri Rauf Qurbanov və Rüstəm Şahsuvarovun tərəfdarlarına bölünüblər. Bugünkü Plenumda Şahsuvarovun tərəfdarları Qurbanovun üzərində partiya-yoldaşlıq məhkəməsinin qurulması və onun AKP-dən xaric olunması məsələsinə baxacaqlar.
Qurbanovun sözlərinə görə, o, Plenumda iştirak etmək niyyətində idi, lakin ona qarşı təxribat hazırlanması barədə məlumat alıb. Buna görə də, Qurbanovun tərəfdarları onu Plenumda iştirakdan çəkindiriblər: "Bundan əvvəl də mənə telefonla zəng vurub, xəbərdarlıq edirdilər ki, əgər Plenumda iştirak etsəm, mənim üçün problem yaranacaq. Məni dəstəkləyən partiya üzvləri də mənə qarşı təxribat planlarının hazırlandığını dedilər və Plenuma qatılmağımı məsləhət görmədilər",- deyə Qurbanov bildirib.
Qurbanovun sözlərinə görə, AKP-nin Plenumunda partiya-yoldaşlıq məhkəməsi qurula bilməz, bu işə Mərkəzi Komitənin iclaslarında baxıla bilər.
Qurbanovun AKP-dən xaric edilməsini tələb edənlər sədrin digər müavini Seyidağa Muradovun partiyaya sədr seçilməsini istəyirlər.