...

Müsavat Partiyasının şəhərin mərkəzində aksiya keçirməsinə icazə verilmədi

Siyasət Materials 16 Oktyabr 2007 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Bakı Şəhər İcra Hakimiyyəti müxalifəti təmsil edən Müsavat Partiyasının oktyabrın 18-də Bakının mərkəzində aksiya keçirməsinə icazə verməyib. Bu barədə çərşənbə axşamı Bakıda Müsavat Partiyasından məlumat verilib.

Müsavat Partiyası aksiyanı oktyabrın 18-də saat 17.00-dan 19.00-dək Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsindən (Bakı Metropoliteninin "Bakı Soveti" stansiyasının qarşısı) yürüşlə başlayıb, Qoşa Qala qapısının önündə yerləşən Gənclik meydanında mitinqlə başa çatdırmağı planlaşdırırdı. Bu, etiraz deyil, bayram aksiyası kimi nəzərdə tutlmuşdu. Aksiyanın Azərbaycada Müstəqillik Aktının qəbul olunmasının növbəti ildönümü ilə bağlı keçirilməsi nəzərdə tutulurdu.

1991-ci ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti ölkənin müstəqilliyi haqqında Akt qəbul edib. Həmin sənədlə Azərbaycan o zamankı SSRİ-nin tərkibindən çıxdığını və öz müstəqilliyini bəyan edib.

Bakı Şəhər İcra Hakimiyyəti çərşənbə axşamı Müsavat Partiyasının müraciətinə cavab verib. Cavab məktubunda qeyd olunub ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna uyğun olaraq, Müsavat Partiyasının istədiyi ünvanda yürüş-mitinqin keçirilməsinə icazə verilə bilməz. Çünki həmin ərazi insanların və avtomobillərin sıx olduğu yerdir. Məktubda Müsavat Partiyasına aksiyaların keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrılan meydanlardan birini seçmək təklif olunub. Bura Xətai rayonu ərazisində yerləşən "Ukrayna", Nizami rayonu ərazisindəki Neftçilər meydanları, Suraxanı rayonunun futbol meydançası daxildir. Bu ünvanlar şəhərin mərkəzindən uzaqda yerləşir.

Müxalifəti təmsil edən sağ-mərkəzçi Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti