...

Azərbaycanın müxalifət blokunun tərkibinə yenidən baxılacaq

Siyasət Materials 3 Mart 2008 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın eks-spikeri Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) üç müxalifət partiyasının birləşdiyi "Azadlıq" blokuna üzv ola bilər. "Bizim müxalifətin bir araya gəlməsi təşəbbüsümüzə blokun aparıcı partiyaları olan Xalq Cəbhəsi və Liberal partiyaları müsbət reaksiya veriblər. Sabah hər iki partiyanın rəhbərliyi ilə danışıqlar aparılacaq", bazar ertəsi Trend a ACP liderinin müşaviri Zəminə Dünyamalıyeva bildirib.

"Azadlıq" bloku 2005-ci il parlament seçkilərində Demokrat, Müsavat, Xalq Cəbhəsi və Liberal partiyaları tərəfindən təsis edilib. Seçkilərdən sonra isə Müsavat və Demokrat partiyaları bloku tərk ediblər. Hazırda blokda Xalq Cəbhəsi və Liberal partiyaları ilə yanaşı, AMİP-in keçmiş sədri Əli Əliyevin yaratdığı Vətəndaş və İnkişaf Partiyası təmsil olunur.

Dünyamalıyeva deyib ki, ACP-nin "Azadlıq" blokuna daxil olması mümkündür. "Hər şey danışıqların nəticəsindən asılıdır. " Bizim seçkiyə yanaşmada fikir ayrılıqlarmız var. Blok seçkinin boykot edilməsinin tərəfdarıdır, biz isə bunun əleyhinəyik. Amma "Azadlıq" bloku hələ ki, boykotla bağlı birmənalı qərar verməyib. Ola bilər ki, müzakirlərin nəticəsində müəyyən razılıqlar əldə etdik" Dünyamaliyeva əlavə edib.

"Azadlıq" blokunun üzvü VIP sədri Əli Əliyev bazar ertəsi Trend a bildirib ki, blokda qərar konsensus şəklində qəbul olunur. Onun sözlərinə görə, ACP bloka üzvlük məsələsində danışıqları yalnız Xalq Cəbhəsi və Liberal partiyaları ilə aparsa, VİP ACP-nin bloka üzv olmasının əleyhinə səs verəcək.

Sağ mərkəzçi, müxalifətyönlü ACP ötən ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Quliyevdir. Ötən ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti