...

Prezident seçkisində müxalifətin namizədləri 2,5 faizdən artıq səs toplaya bilməyəcəklər – müxalifət partiyasının sədri

Siyasət Materials 15 Aprel 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov hesab edir ki, builki prezident seçkisində müxalifətdən olan namizədlər 2,5 faizdən artıq səs toplaya bilməyəcəklər.

"Azərbaycan müxalifətinin ümumiyyətlə ictimai-siyasi proseslərə təsir etmək gücü yoxdur" -deyə Şahbazov Trend a açıqlamasında bildirib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər şənbə günü gənclərlə görüşündə bildirib ki, builki prezident seçkisində 20-25 faiz səs toplamayan siyasi liderlər siyasətdən getmək barədə düşünməlidirlər.

Bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkisində müxalifət düşərgəsindən Müsavat, Ümid, Böyük Quruluş, Azərbaycan Demokrat partiyaları öz namizədləri ilə iştiraka qərar veriblər.

Açıq Cəmiyyət Partiyasında isə hesab edirlər ki, Qəmbərin bu iddiası reallıqla üst-üstə düşmür: "Müxalifət namizədləri nəinki 20-25 faiz, heç 2,5 faizdən artıq səs yığa bilməyəcəklər. Ona görə də gərək müxalifət liderlərinin hamısı siyasətdən getsinlər. Güclü ölkələrdə güclü müxalifət olur, Azərbaycanda isə müxalifətin bu vəziyyətə düşməsində hakimiyyətin də rolu var"-deyə Şahbazov bildirib.

Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" blokunda da hesab edirlər ki, Qəmbərin təklifi reallıqları əks etdirmir, çünki müxalifətin öz gücünü göstərməsi üçün şərait yoxdur.

"Azərbaycanda tam demokratik seçki keçirilmədiyi üçün müxalifət nümayəndələrindən kimin nəyə qadir olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Növbəti prezident seçkisi də qeyri-demokratik şəraitdə keçiriləcəyi təqdirdə, müxalifət namizədləri elan olunan rəsmi nəticələrlə razılaşmayacaq, hər bir namizəd daha çox səs topladığını iddia edəcək"-deyə "Azadlıq" blokunun həmsədri Əli Əliyev Trend a açıqlamasında bildirib.

Əliyevin fikrincə, digər demokartik ölkələrdə olduğu kimi, Azərbaycanda da seçkilərdə məğlub olan siyasətçilərin siyasi etika göstərərək siyasətdən getməsi arzuolunandır. Lakin Əliyev hesab edir ki, yaxın zamanlar üçün bu, real deyil. Çünki hazırda bütün siyasətçilərin real gücünü, imkanlarını sınağa çəkmək üçün mühit yaradılmayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti