...

Azərbaycanın müxalifət partiyası prezident seçkisində başqa bir namizədi dəstəkləmək qərarı verəcək

Siyasət Materials 21 May 2008 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Böyük Quruluş Partiyası (BQP) seçkidə iştirakla bağlı mövqeyini dəyişdirmək qərarına gəlib. "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər indiki variantda qəbul olunsa, prezident seçkilərində öz namizədimizlə iştirakın heç bir mənası qalmır", çərşənbə günü Trend -a partiyanın sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Bu ayın sonunda Seçki Məcəlləsinə əlavə və dəyişikliklər Milli Məclisdə müzakirə olunaraq, qəbul ediləcək. Müxalifət Məcəlləyə əlavə və dəyişikliklərdən narazıdır.

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov isə mayın 20-də jurnalistlərə bildirib ki, Azərbaycanda təxminən beş milyonluq seçici sayından 45 min imza toplaya bilməyən şəxsin dövlət başçısı postuna iddialı olmağa mənəvi haqqı çatmır.

Azərbaycanın Seçki Məcəlləsinə edilən dəyişikliyə görə, MSK-da Azərbaycan prezidenti postuna namizəd qismində qeydiyyatdan keçmək istəyən şəxs 10 gün müddətinə 45 min seçici imzası toplamalıdır. Lazımi miqdarda səs toplaya bilməyən prezidentliyə iddialılar nəzərdə tutulan 300 min manat məbləğində depozit ödəməlidirlər. Əvvəllər bu məbləğ 33 min manat olub.

Qəzənfəroğlu vurğulayıb ki, əgər seçkidə 300 min manat depozit qoymaq məsələsi reallaşacaqsa, seçkidə iştirakdan imtina edəcək. "10 günə 45 min imza toplamağı ancaq əlində inzibati resursları olan hakimiyyət edə bilər. İmza toplayarkən müxalifətə müəyyən maneələr yaradılacağı da gözləniləndir" - deyən Qəzənfəroğlu bildirib ki, Məcəlləyə əlavə və dəyişikliklər indiki variantda qəbul olunsa, BQP başqa bir namizədi dəstəkləmək yolu tutacaq. "Biz yeni ideyalarla çıxış edən mütərəqqi dəyişikliklər vəd edən namizədlərə müsbət yanaşırıq. Onun müxalifətdən və ya müstəqil olması elə böyük əhəmiyyət daşımır. Hələlik belə bir düşüncədə deyilik ki, hakimiyyətin namizədini dəstəkləyək. Hakimiyyətin namizədini dəstəkləsək, hakimiyyət cinahında olarıq. Ancaq gedişatda, ümummilli məsələlərdə konsensus yaransa, hakimiyyət təmsilçisinin Qarabağ məsələsi ilə bağlı atacağı addımlar qaneedici olsa, bu mövzuda düşünmək olar" - deyə o əlavə edib.

Müxalifətyönlü BQP 2004-cü ildə yaradılıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın sədri Qəzənfəroğlu Milli Məclisin deputatıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti