...

ATƏT rəhbəri Özbəkistanda insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdığını qeyd edib

Siyasət Materials 5 İyun 2008 13:08 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 05 iyun / Trend , müxbir B.Abdullayev/ ATƏT-in fəaliyyətdə olan sədri Aleksandr Stabb hesab edir ki, son illər Özbəkistanda insan haqları ilə bağlı vəziyyətdə yaxşılaşma müşahidə olunur. "Düşünürəm ki, Özbəkistanda insan haqları sahəsində müəyyən tərəqqi var. Həmçinin, ölkənin demokratlaşması nöqteyi-nəzərindən müəyyən müsbət inkişafını da qeyd etmək olar. Ölüm hökmünün ləğvi, məhkəmə-hüquq sisteminin liberallaşdırılması və bu yaxınlarda Özbəkistanın insan haqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən fəalların azad edilməsi faktları bunu təsdiq edir", - deyə Daşkənddə ikigünlük səfərinin yekunları üzrə Stabb jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dünyada insan haqlarına ideal şəkildə riayət edən ölkə yoxdur. "Deməliyəm ki, Şərq və ya Qərb olmasından asılı olmayaraq dünyanın bir çox ölkələrində insan haqları ilə bağlı vəziyyət ideal şəkildə deyil", - deyə ATƏT-in fəaliyyətdə olan sədri əlavə edib. Stabb bildirib ki, Özbəkistan hökuməti islahatların üç növünü uğurla həyata keçirir: azad bazar iqtisadiyyatının qurulması, beynəlxalq həyatda fəal iştirak və dünya cəmiyyətinə inteqrasiya, həmçinin insan haqları, demokratikləşmə və qanunun aliliyinin təmin olunması sahələrində dəyişikliklər.

"Sovet İttifaqının dağılmasından sonra Özbəkistanda azad bazarın qurulmasında müəyyən uğurlar var. Özbəkistanda həyata keçirilən islahatların ikinci aspekti respublikanın beynəlxalq arenada, müxtəlif benəlxalq təşkilatlarda, sazişlərdə və konvensiyalarda vasitəsiz iştirakından ibarətdir. Üçüncü aspekt insan haqlarının təmin edilməsi, demokratikləşmə və qanunun aliliyi sahələrində dəyişikliklərdən ibarətdir. Və beləliklə mən artıq qeyd etdim ki, həqiqətən Özbəkistanda bu istiqamətlərdə müəyyən tərəqqi var: Ölüm hökmünün ləğvi, məhkəmə-hüquq sisteminin liberallaşdırılması və respublikanın hüquq müdafiə hərəkatı fəallarının vaxtından tez azad edilməsi", - deyə Stabb bildirib.

İyunun 3-4-də Özbəkistana səfəri zamanı ATƏT rəhbəri prezident, parlamentarilər və respublikanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb və Mərkəzi Asiyada təhlükəsizlik, insan haqları, demokratikləşmə və digər sahələrlə bağlı məsələləri müzakirə edib.

Xəbər lenti

Xəbər lenti