...

Azərbaycanın müxalifət partiyasında fikir ayrılığı yaranıb

Siyasət Materials 7 İyul 2008 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul/ Trend , müxbir E.Babayev/ Müxalif Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) prezident seçkisi ilə bağlı fikir ayrılığı yaranıb.

"Mən partiyanın baş katibi Fuad Muxtarovun fikirlərini bölüşmürəm və seçkidə iştirakın tərəfdarıyam", - deyə bazar ertəsi Trend -a AMİP sədrinin müavini Əli Orucov deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları isə seçkidə İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı veriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib. Blokun Məclisində bu bəyanat müzakirəyə çıxarılıb, yekun qərar veriləcək.

AMİP-in baş katibi Fuad Muxtarov bildirib ki, AMİP seçkidə iştirak etmək niyyətində deyil. "Mənim qənaətim odur ki, AMİP lideri Etibar Məmmədov seçkidə namizəd kimi iştirak etməyəcək. Çox güman ki, qərarımız da seçkidə iştirak etməmək olacaq", - deyə o əlavə edib.

Orucov iddia edib ki, seçkidə iştirak etmək lazımdır. Bu yolla əhalini fəallaşdırmaq mümkündür. Orucovun sözlərinə görə, hazırda AMİP-in yerli strukturlarında seçki ilə bağlı müzakirələr davam edir.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti