...

Azərbaycanda seçkilərə müdaxilə edən icra strukturları sərt şəkildə cəzalandırılacaq

Siyasət Materials 9 İyul 2008 12:11 (UTC +04:00)
Azərbaycanda seçkilərə müdaxilə edən icra strukturları sərt şəkildə cəzalandırılacaq

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycan hakimiyyəti qarşıdan gələn prezident seçkisində yerli icra hakimiyyəti orqanlarının seçkilərə müdaxiləsinin tam aradan qalxmasında maraqlıdır.

"Yerli icra hakimiyyəti orqanlarının seçkilərə müdaxiləsi faktı qeydə alınarsa, onlar ciddi şəkildə cəzalandırılacaq", Trend -un məlumatına görə, çərşənbə günü Prezidentin İcra Aparatının İctimai-siyasi şöbə müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər.

İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Həsənovun sözlərinə görə, seçkilərdə icra hakimiyyətlərinin rolu Seçki Məcəlləsində dəqiq göstərilib. Qanunvericilikdə hər bir qurumun vəzifələri yer alıb. "Yerli icra hakimiyyəti orqanları seçkilərin təşkilində seçki institutlarına yardım etməli, əhalinin maneəsiz şəkildə seçkilərdə iştirakına şərait yaratmalıdırlar, o cümlədən seçki institutlarının fəaliyyəti üçün lazımi texniki yardımlar göstərməlidirlər", Prezidentin İcra Aparatının İctimai-siyasi şöbə müdiri əlavə edib.

Həsənov bildirib ki, keçən seçkilərdə prosesə əsassız müdaxiləyə görə, yerli icra strukturlarının bəzi rəhbərləri sərt şəkildə cəzalandırılıb. "Düşünürk ki, bu addım indiki seçkilər üçün ciddi bir siqnaldır", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti