...

Azərbaycanın İrandakı keçmiş səfiri prezidentliyə namizədliyini irəli sürüb

Siyasət Materials 26 Avqust 2008 16:22 (UTC +04:00)
Azərbaycanın İrandakı keçmiş səfiri prezidentliyə namizədliyini irəli sürüb

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əliyar Səfərli fərdi şəkildə prezidentliyə namizədliyini irəli sürüb. Bu barədə Trend -a çərşənbə axşamı Səfərli məlumat verib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdə iştirak etmək niyyətində olan 18 iddiaçının - Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim) Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi), "Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyevin və "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyevin, Xalq Cəbhəsi Partiyası Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəylinin, o cümlədən namizədliklərini fərdi qaydada irəli sürmüş Arif Əliyevin və Əli Ağaevlinin, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlunun, bitərəf Fikrət Əhədovun prezidentliyə namizədliyini təsdiqləyib.

MSK Yeni Azərbaycan Partiyasının namizədi, hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini rəsmən qeydə alıb.

Səfərlinin sözlərinə görə, o, seçkilərdə çoxlu səs qazanacağına ümid edir. "50 il ərzində Azərbaycan uğrunda mübarizə aparmışam, elm və təhsil sahəsində böyük uğurlar qazanmışam. Sovet dövründə Əfqanıstanda diplomatik fəaliyyətlə məşğul olmuşam. Müstəqillik dövründə isə, 1994-1998 - ci illərdə Azərbaycanın İrandakı səfiri vəzifəsində çalışmışam",- deyə o bildirib.

Namizədliyə iddialının sözlərinə görə, o, sənədlərini artıq MSK-ya təqdim edib. "Tələb olunan 40 min imzadan daha çox imza toplayacağıma əminəm. Seçkidə siyasi -milli şüurlu insanların, şəxsiyyətlərin və ziyalıların səsinə arxayınam", deyə Səfərli bildirib.

Səfərlinin sözlərinə görə, o, hazırda AMEA-nın Ədəbiyyat İnstitutunda elmi-tədqiqat işi ilə məşğul olur və qədim orta əsrlər Azərbaycan ədəbiyyatı üzrə mütəxəssisdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti